Kiyevə kütləvi raket zərbələri endirilib: Ölən və yaralananlar var
Rusiya qüvvələrinin Ukraynanın paytaxtı Kiyev şəhərinə və eyniadlı vilayətə təşkil etdiyi növbəti kütləvi hava hücumu nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
Məlumata görə, gecə saatlarında ballistik raketlər və PUA-larla həyata keçirilən hücumlar zamanı paytaxtda və ətraf bölgələrdə ciddi dağıntılar qeydə alınıb. Hücum hədəfləri arasında mülki infrastrukturlar, logistika mərkəzləri, anbarlar və dəmir yolu stansiyası da olub. Baş verən güclü partlayışlar nəticəsində bir sıra obyektlərdə genişmiqyaslı yanğınlar baş qaldırıb.
Son rəsmi məlumatlara əsasən, hücum nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb, 40-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Hadisə yerində Fövqəladə Hallar Dövlət Xidmətinin xilasetmə qrupları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir. Dağıntılar altında qalanların ola biləcəyi istisna edilmir, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.