BDYPİ bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, qarşıdakı qeyri-iş günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı gözlənilir. BDYPİ sürücülərə müraciət edərək, onları yol hərəkəti qaydalarına ciddi riayət etməyə, səfər zamanı diqqətli və məsuliyyətli olmağa çağırır: “Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitənizin texniki sazlığını, xüsusilə əyləc sisteminin, işıq cihazlarının və təkərlərin vəziyyətini yoxlayın. Hərəkət zamanı sürəti yol və hava şəraitinə uyğun seçin, müəyyən edilmiş sürət həddini aşmayın, təhlükəli ötmə və manevrlərdən çəkinin, ara məsafəsini qoruyun. Təhlükəsizlik kəmərindən istifadə edin, sükan arxasında mobil telefonla diqqətinizi yayındırmayın. Uzun məsafəli səfərlər zamanı yorğun və yuxusuz halda avtomobil idarə etməyin, mütəmadi olaraq fasilələr verin. Xüsusilə hərəkətin intensiv olduğu yollarda diqqətli olun, tələskənliyə yol verməyin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alın”.
Piyadalara da müraciət edilərək, onlara yol hərəkəti qaydalarına ciddi riayət etmək, yolu yalnız müəyyən olunmuş yerlərdən keçmək, xüsusilə sutkanın qaranlıq vaxtlarında və məhdud görünmə şəraitində daha diqqətli olmaq tövsiyə edilib.
“Arzu edirik ki, qarşıdakı bayram günləri hər birimiz üçün xoş xatirələrlə yadda qalsın, bütün səfərlər təhlükəsiz və rahat başa çatsın. Zəfərimiz əbədi, bayrağımız daim uca olsun! Bayramınız mübarək, yollarınız təhlükəsiz olsun!”, - deyə müraciətdə vurğulanıb.