Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 27-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 92 faizində biçin başa çatıb.
Mövsüm ərzində 883 min 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 milyon 38 min 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 sentner/hektar təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sentner/hektar çoxdur.
Buğda və arpa istehsalının göstəriciləri
İndiyədək mexanizatorlar tərəfindən 404 min 326 hektar buğda, 479 min 669 hektar arpa sahəsi biçilib. Toplanan məhsulun həcmi aşağıdakı kimidir:
Buğda: 1 milyon 491 min 990 ton (məhsuldarlıq: 36,9 sentner/hektar; biçin başa çatıb: 88%)
Arpa: 1 milyon 546 min 477 ton (məhsuldarlıq: 32,2 sentner/hektar; biçin başa çatıb: 95,6%)
Biçin yekunlaşan və yekunlaşmaq üzrə olan rayonlar
Biçinin tam yekunlaşdığı 20 rayon: Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Naftalan, Göyçay, Kəlbəcər, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şuşa, Tərtər, Ucar və Yevlax.
Biçinin yekunlaşmaq üzrə olduğu 22 rayon: Ağdam, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Şabran, Füzuli, Goranboy, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Saatlı, Samux, Şəki, Yardımlı, Zaqatala və Zərdab.
Respublika üzrə biçin prosesinin optimal müddətdə tam başa çatacağı proqnozlaşdırılır.