Azərbaycan və Tacikistanın mərkəzi elmi kitabxanaları əməkdaşlığa başlayır

23/11/2026 - 17:46
Azərbaycan və Tacikistanın mərkəzi elmi kitabxanaları əməkdaşlığa başlayır

Tacikistan Milli Elmlər Akademiyasının İndira Qandi adına Mərkəzi Elmi Kitabxanasının direktoru professor Şodiməhəmməd Sufizadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Bu barədə  MEK-dən bildirilib. Qonaq MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb. Görüşdə iki ölkənin elmi kitabxanaları arasında əlaqələrin genişləndirilməsi, kitabxana-informasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsi və müasir kitabxana xidmətlərinin tətbiqi məsələləri müzakirə olunub. Hüseyn Hüseynov kitabxananın fəaliyyəti, zəngin informasiya resursları, rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr, elektron xidmətlər, eləcə də süni intellekt texnologiyalarının kitabxana işində tətbiqi barədə məlumat verib. Beynəlxalq əlaqələrin genişləndirilməsinin, elmi informasiya resurslarına əlçatanlığın artırılmasının və qabaqcıl təcrübələrin paylaşılmasının əhəmiyyətini vurğulayıb.

Professor Şodiməhəmməd Sufizadə rəhbərlik etdiyi kitabxananın fəaliyyəti barədə məlumat verərək onun elmi ədəbiyyatın mühafizəsi, tədqiqatçıların informasiya təminatı, elektron resursların formalaşdırılması, nadir nəşrlərin rəqəmsallaşdırılması və elmi-biblioqrafik fəaliyyət istiqamətlərində gördüyü işlərdən danışıb. Qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb.

Müzakirələrin yekununda kitabxanalar arasında əməkdaşlığın sistemli şəkildə qurulması məqsədilə memorandumun imzalanması barədə razılıq əldə edilib.

Sonda Hüseyn Hüseynov müəllifi olduğu kitabları qonağa hədiyyə edib. Şodiməhəmməd Sufizadə isə öz növbəsində MEK-ə rəhbərlik etdiyi kitabxananın nəşrlərini təqdim edib.