ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub
ADA Universitetinin rektoru Hafiz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 20-dən 29-dək İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində İtaliyanın dörd aparıcı ali təhsil müəssisəsində - Milan Politexnik Universiteti, Bolonya Universiteti, Turin Politexnik Universiteti və Luiss Quido Karli Universitetində səfərdə olub.
Milan Politexnik Universitetində keçirilən görüşlərdə İtaliya-Azərbaycan Universiteti layihəsinin ilkin tədqiqat mərhələsindən Dizayn və memarlıq fakültəsinin yaradılmasına qədər görülmüş işlər və əldə olunmuş nəticələr nəzərdən keçirilib. Nümayəndə heyəti yeni dizayn laboratoriyaları ilə tanış olub və burada təhsil alan doktorantlarla görüşüb.
Turin Politexnik Universitetində əməkdaşlığın hesabatı müzakirə olunub, növbəti fəaliyyət istiqamətləri dəyərləndirilib. Heyət universitetin tədqiqat və laboratoriya infrastrukturu, o cümlədən “Enerji Mərkəzi” ilə tanış olub, doktorantlarla görüşüb. Səfər çərçivəsində iki universitet arasında qarşılıqlı tələbə mübadiləsinə dair memorandum imzalanıb.
Bolonya Universitetində keçirilən görüşlərdə növbəti mərhələ üzrə strateji hədəflər müzakirə edilib. Nümayəndə heyəti doktorantura səviyyəsində təhsil alan tələbələrin tədqiqat planları ilə tanış olub, kənd təsərrüfatı və qida elmləri sahəsində ikili proqram magistrantları və tələbə mübadiləsi proqramının bakalavr tələbələri ilə görüşüb.
Luiss Quido Karli Universitetində fəaliyyətin nəticələri nəzərdən keçirilib və hüquq ixtisası üzrə ikili diplom proqramına dair sənəd imzalanıb. Həmçinin Qlobal İdarəetmə və Siyasət (GMAP) üzrə ikili diplom magistratura tələbələri ilə görüş keçirilib.
Qeyd edək ki, akademik kadrların hazırlanması ADA Universitetinin strateji prioritetlərindəndir. Bu çərçivədə Dövlət Proqramı ilə Milan Politexnik Universitetində 15, Bolonya Universitetində 12, Turin Politexnik Universitetində isə 4 tələbə doktorantura təhsili alır.
Səfər çərçivəsində əldə olunmuş razılaşmalar İtaliya-Azərbaycan Universiteti layihəsinin davamlı inkişafına və iki ölkə arasında təhsil sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.