Bu gün Beynəlxalq Ay Günüdür
Bu gün Beynəlxalq Ay Günüdür
Hər il iyulun 20-də Beynəlxalq Ay Günü qeyd olunur.bu gün 2021-ci ilin dekabrında BMT Baş Assambleyasının qətnaməsi ilə təsis edilib və digər kosmik əlamətdar günlərə – 4 oktyabr ( Yerin ilk peykinin orbitə buraxılması) və 12 aprel (insanın ilk dəfə kosmosa uçuşu) əlavə olunub.
Bu tarix 1969-cu ildə "Apollon-11" Ay missiyası çərçivəsində insanın Aya ilk enişinin ildönümü şərəfinə seçilib. Günün təsis edilməsində məqsəd Ayın dayanıqlı şəkildə tədqiqi, kosmosun mənimsənilməsi və kosmik fəzanın dinc məqsədlərlə istifadəsi sahəsində beynəlxalq əməkdaşlığın təşviq olunması, həmçinin bu tarixi hadisənin baş verməsini mümkün edən alimlərin, mühəndislərin, astronavtların və digər mütəxəssislərin töhfəsini xatırlatmaqdır.
Ay Gününün keçirilməsi təşəbbüsü ABŞ-dən irəli gəlib. Bu mövzuya həsr olunmuş ilk tədbirlər 1971-ci ildə, ABŞ Prezidenti Riçard Niksonun 20 iyulu tarixi kosmik missiyanın ildönümü münasibətilə Milli Aya Eniş Günü elan etməsindən sonra keçirilib. Sonrakı illərdə isə bu tarix əsasən astronomiya və kosmos həvəskarları tərəfindən qeyd olunurdu.
2021-ci ilin avqust–sentyabr aylarında keçirilən BMT-nin Kosmik Fəzadan Dinc Məqsədlərlə İstifadə Komitəsinin 64-cü sessiyası zamanı təşəbbüs qrupunun üzvləri Beynəlxalq Ay Gününün təsis edilməsi ilə bağlı müraciət təqdim ediblər. Nəticədə BMT Baş Assambleyası bu təşəbbüsü dəstəkləyib və 20 iyul rəsmi olaraq Beynəlxalq Ay Günü elan olunub.
Ay Yerin yeganə təbii peykidir və Günəşdən sonra Yer səmasında ən parlaq ikinci səma cismidir. Yer və Ayın mərkəzləri arasındakı orta məsafə 384 467 kilometrdir. Ən geniş yayılmış nəzəriyyəyə görə, Ay Yerdən bir qədər sonra – təxminən 4,5 milyard il əvvəl Yer ilə ölçüsünə görə Marsa bənzəyən Teya planetinin toqquşması nəticəsində qalan qırıntılardan formalaşıb. Hazırda Ay insanın ayaq basdığı yeganə Yerxarici astronomik obyektdir.
Əsrlər boyu insanlar səmaya baxaraq Ayın mənşəyi və sirləri haqqında düşünmüşlər. Qədim dövrlərdən etibarən Ay yalnız istiqamət müəyyənləşdirmək üçün bələdçi rolunu oynamayıb, həm də bəşəriyyətin mədəni və mənəvi inkişafına ilham verib. Rəssamlar onu əsərlərində təsvir edib, şairlər şeirlərində tərənnüm edib, filosoflar və alimlər isə onun sirlərini açmağa çalışıblar. Ay mistikanın və romantizmin rəmzi, insanın dərk edə bilmədiyi və əbədi olanın təcəssümü kimi qəbul olunub.
İlk teleskopların ixtirası sayəsində Yerin təbii peykini Yer səthindən elmi şəkildə öyrənmək mümkün oldu. Kosmik fəaliyyətin yaranması və inkişafı ilə Ay insan uçuşlarının əsas hədəfinə çevrildi və bu uçuşlar bəşəriyyətə kainatda digər səma cisimlərinə ayaq basmaq imkanı yaratdı.