İyulun 13-14-də Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirilir.

İyulun 13-14-də Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirilir.

10/07/2026 - 08:22
İyulun 13-14-də Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirilir.
Medianın İnkişafı Agentliyindən  bildirilib ki, artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmiş Şuşa Qlobal Media Forumu bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunacaq.

Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.

Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.

Forum mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, 2022-ci ildə ilk dəfə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib. Belə ki, 2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”, 2024-cü ildə baş tutan 2-ci Şuşa Qlobal Media Forumu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”, 2025-ci ildəki 3-cü Şuşa Qlobal Media Forumu isə “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzularına həsr olunub.

İndiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxsi bir araya gətirən Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi öz mövqeyini möhkəmləndirib.