Prezident İlham Əliyev: "Azərbaycanda işsizlik və yoxsulluq səviyyəsi təxminən 5 % civarındadır"

Prezident İlham Əliyev: "Azərbaycanda işsizlik və yoxsulluq səviyyəsi təxminən 5 % civarındadır"

18/06/2026 - 05:50
Prezident İlham Əliyev: "Azərbaycanda işsizlik və yoxsulluq səviyyəsi təxminən 5 % civarındadır"
Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizdə sosial sahədə əldə olunan uğurlara və dövlət tərəfindən həyata keçirilən dəstək tədbirlərinə toxunub.
​Dövlət başçısı bildirib ki, son bir neçə il ərzində Azərbaycan hökuməti tərəfindən bir sıra genişmiqyaslı sosial dəstək paketləri icra edilib. Həyata keçirilən bu tədbirlər ölkə əhalisinin 30 %-dən çoxunu əhatə edib.
​"Sosial rifah daim diqqət mərkəzindədir"
​Ölkədəki sosial-iqtisadi göstəricilərə diqqət çəkən Prezident İlham Əliyev qeyd edib ki, yoxsulluq və işsizlik səviyyəsi hazırda aşağı həddə – təxminən 5 % civarında saxlanılır:
​"Bu məsələlər daim dövlətin diqqət mərkəzindədir. Əhalimizin sayı artdıqca yeni çağırışlar da meydana çıxır. Təəssüf ki, bir sıra ölkələrdə, o cümlədən bəzi müsəlman ölkələrində əks tendensiyalar müşahidə olunur ki, bu da əlavə sosial-iqtisadi çətinliklər yaradır. Belə şəraitdə yeni iş yerlərinin açılması, sosial infrastrukturun qurulması və əhalinin rifahının yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır".
​Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadi modelinin təməlində vətəndaşların rifahının yüksəldilməsi və dayanıqlı sosial müdafiə sisteminin təmin olunması dayanır.