2026-cı ilin yanvar-iyun dövründə dövlət borcuna xidmət xərcləri açıqlanıb

27/07/2026 - 13:10
2026-cı ilin yanvar-iyun dövründə dövlət borcuna xidmət xərcləri açıqlanıb

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin icra göstəricilərini açıqlayıb.

​2026-cı ilin dövlət büdcəsində bu istiqamətdə 2 milyard 457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.

​Məlumata əsasən, cari ilin ilk altı ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən ümumilikdə 944,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

​Ödənişlərin struktur bölgüsü:

​Daxili dövlət borcu üzrə: 275,9 milyon manat (tam olaraq faiz borcu üzrə).

​Xarici dövlət borcu üzrə: 668,9 milyon manat, o cümlədən:

​Əsas borc üzrə: 494,2 milyon manat

​Faiz borc üzrə: 174,7 milyon manat

​Xarici və daxili dövlət borcunun cari səviyyəsi

​Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 1 iyul 2026-cı il tarixinə ölkənin xarici dövlət borcunun səviyyəsi 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib. Operativ məlumatlara görə, bu göstərici cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,0 faizinə bərabərdir.

​Daxili dövlət borcunun səviyyəsi isə 1 iyul 2026-cı il tarixinə 15 milyard 982,0 milyon manat olub ki, bu da cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edir.