Azərbaycanın sədrliyi ilə Astana şəhərində AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin iclası keçirilib
Azərbaycanın sədrliyi ilə Astana şəhərində AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin iclası keçirilib
Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati binasında Azərbaycan Respublikasının sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
İclasda Azərbaycan Respublikasının "Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf" mövzusunda AQEM Sədrliyi çərçivəsində üzv dövlətlər arasında etimadın gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
Tədbirdə Sədrliyin təqdimatı ilə aşağıdakı əsas məsələlər nəzərdən keçirilib:
Beynəlxalq təşkilata transformasiya: AQEM-in beynəlxalq təşkilata çevrilməsi gündəliyi, o cümlədən müvafiq Nizamnamə layihəsi üzrə aparılan danışıqlardakı irəliləyişlər barədə məlumat verilib, üzv dövlətlərin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb.
Bakı Zirvə Görüşü: Cari ildə Bakı şəhərində keçiriləcək AQEM Zirvə Görüşünə hazırlıq məsələləri, həmçinin Azərbaycan Sədrliyi tərəfindən təklif olunan mümkün yekun sənəd layihələri müzakirə olunub.
İnstitusional inkişaf və tərəfdaşlıq: Komitənin gündəliyinə uyğun olaraq AQEM Katibliyinin tərkibi və strukturunun təkmilləşdirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, eləcə də Konfransın müxtəlif əməkdaşlıq ölçüləri üzrə prioritet istiqamətləri əhatə edən konsepsiya sənədləri nəzərdən keçirilib.
Görüş zamanı həmçinin AQEM məkanında qarşılıqlı maraq doğuran digər məsələlər, qurumun institusional inkişafı, bu çərçivədə irəli sürülmüş təşəbbüslər və baş tutmuş tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb.