Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.

03/08/2026 - 13:01
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılış mərasimində iştirak edib.  

​“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına yarımstansiyada görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, bu irimiqyaslı "Yaşıl enerji" layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının Azərbaycanın ümumi energetika sisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur.  

​Layihə “AzərEnerji” ASC ilə “bp” şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub. Xatırladaq ki, layihənin ilk mərhələsi çərçivəsində Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın açılışı cari ilin may ayında baş tutmuşdu.  

​“Yeni Səngəçal” yarımstansiyasının istismara verilməsi mühüm iqtisadi və ekoloji üstünlüklər qazandırır:  

​Terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının fəaliyyətinin dayandırılmasına imkan yaradılacaq.  

​Səngəçal terminalının illik təqribən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı tamamilə bərpaolunan enerji hesabına qarşılanacaq.  

​Hər il 120–150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260–330 min ton azalacaq.  

​Ümumi sahəsi 6,5 hektar olan yeni yarımstansiya 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti vasitəsilə ölkənin enerjisisteminə qoşulub. Onun enerji təchizatı 785 MVt gücündə “Cənub” və 385 MVt gücündə “Qobu” elektrik stansiyaları, həmçinin 500 kV-luq “Abşeron” yarımstansiyası olmaqla, üç müstəqil mənbədən təmin edilir. Eyni zamanda, yarımstansiyadan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti çəkilib.