Odessa yaxınlığında azərbaycanlı dənizçilərin olduğu gəmi PUA hücumuna məruz qaldı
Odessa limanı yaxınlığında tərkibində azərbaycanlı dənizçilərin də olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hədəfi olub.
Bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib. "Albatros Corporation" şirkətinə məxsus "ATA-2" quru yük gəmisinə Odessa limanı yaxınlığında üç ədəd PUA hücum edib.
Hücum nəticəsində gəmi ciddi zədələr alıb. Məlumata görө, gəmi hazırda təhlükəsiz istiqamətdə — Rumıniya sahillərinə doğru hərəkət edir.
Qeyd edək ki, gəminin 13 nəfərlik ekipaj üzvündən 12-si Azərbaycan, 1-i isə Türkiyə Respublikasının vətəndaşıdır. İlkin məlumatlara əsasən, hücum nəticəsində ölən və ya xəsarət alan yoxdur, ekipaj üzvlərinin vəziyyəti normaldır.