Dövlət Məşğulluq Agentliyi: Cari ildə 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Nazirlikdən verilən məlumata görə, cari ildə qurumun dəstəyi ilə minlərlə həmvətənimiz işlə təmin olunub.
Bildirilib ki, cari il ərzində Agentliyin dəstəyi ilə 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib.
Peşə hazırlığı kursları təşkil olunub
Eyni zamanda, əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının artırılması məqsədilə xüsusi peşə hazırlığı kursları təşkil olunub.
Qeyd olunan dövr ərzində 224 əlilliyi olan şəxs bu kurslara cəlb edilib. Təlimləri uğurla başa vuran iştirakçıların gələcəkdə müvafiq işlə təmin olunmasına hərtərəfli dəstək göstərilib. Agentlik bu istiqamətdə sosial yönümlü layihələri davam etdirməkdədir.