BŞTİ müəllimlərin işə qəbulunu elan edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış müvəqqəti vakant yerlərin kadr təminatının həyata keçirilməsi məqsədilə müəllimlərin işə qəbulu elan edilir.
İdarədən bildirilib ki, işə qəbul üzrə müraciətlər aşağıdakı fənlər üzrə qəbul olunur:
- Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi);
- Riyaziyyat (Azərbaycan bölməsi);
- İngilis dili (Azərbaycan bölməsi);
- İbtidai sinif (Azərbaycan bölməsi).
Cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edərək Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərmiş namizədlər qəbul prosesində iştirak etmək üçün müraciət edə bilərlər.
Namizədlər şəxsiyyət vəsiqəsini və müvafiq ixtisas üzrə diplomunu təqdim etməklə noyabrın 2-dən etibarən saat 11:00-dan 17:00-dək BŞTİ-yə müraciət edə bilərlər.