Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır
Azərbaycanda ağır xəstəliklərin müalicəsində tətbiq olunan və tibb elmində mühüm yenilik hesab edilən hüceyrə terapiyası mərkəzi yaradılır.
Bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində məlumat verib.
Nazirin sözlərinə görə, layihə çinli mütəxəssislərlə birgə həyata keçirilir və hazırda mərkəzin qurulması istiqamətində intensiv işlər aparılır:
“İnanırıq ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Xaricdə təhsil alıb ölkəyə qayıdan və hüceyrə terapiyası sahəsində elmi dərəcəyə malik həkimlərimiz var. Lazımi infrastruktur qurulduqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəliklərdən əziyyət çəkən insanlar üçün yeni ümid yaranacaq. Düşünürəm ki, bu sahədə regional ilkə də imza atacağıq.”
Açılış və mərhələli inkişaf planı
Teymur Musayev qeyd edib ki, hüceyrə terapiyası mərkəzinin açılışı ən tez bir il yarımdan sonra mümkün olacaq. Layihə mərhələli şəkildə icra ediləcək.
Proses zamanı əsas prioritetlərdən biri təkcə texniki infrastrukturun yaradılması deyil, həm də kadr hazırlığıdır:
“İstənilən yeni müalicə üsulu peşəkar və etibarlı mütəxəssislər tərəfindən tətbiq edilməlidir ki, insanlar həm bu üsula güvənsin, həm də müsbət nəticələr əldə olunsun.”