Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ: ixrac, investisiya və dayanıqlı artım prioritetləri
Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ: ixrac, investisiya və dayanıqlı artım prioritetləri
Azərbaycan iqtisadiyyatının qarşıdakı illərdə inkişaf istiqamətləri, qeyri-neft sektorunun genişləndirilməsi, ixrac potensialının artırılması və özəl investisiyaların iqtisadi artımda rolunun gücləndirilməsi 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı diqqət mərkəzində olub. Noyabrın 16-da Milli Məclisin plenar iclasında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin son illərdə əldə etdiyi iqtisadi nəticələri, mövcud imkanları və ortamüddətli dövr üçün qarşıda duran əsas vəzifələri ətraflı şərh edib.
Nazirin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın tarixi vəzifələri xarici borclanmaya müraciət etmədən, öz iqtisadi və maliyyə resursları hesabına həyata keçirməsi olub. Onun sözlərinə görə, son illərdə müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, sosial proqramların reallaşdırılması və əhalinin rifahının yüksəldilməsi ölkənin iqtisadi imkanlarının nəticəsidir. Bu yanaşma iqtisadi siyasətdə maliyyə dayanıqlığının və mövcud resurslardan səmərəli istifadənin nə qədər mühüm olduğunu göstərir.
Qeyri-neft sektorunun iqtisadi çəkisi artır
İqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi qeyri-neft-qaz sektorunun genişləndirilməsi çıxışda xüsusi yer tutub. Nazir bildirib ki, 2026-cı ilin gözlənilən nəticələri nəzərə alınmaqla, qeyri-neft-qaz ixracı 2018-ci illə müqayisədə 2,5 dəfə artacaq. Cari ilin ilk 10 ayında Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan bu ixracın həcmi 20 faizdən çox yüksələrək 3,6 milyard dollara çatıb. İxracın 61 faizinin sənaye məhsullarından ibarət olması isə qeyri-neft sektorunda istehsalın və sənaye potensialının genişləndiyini göstərən mühüm göstəricidir. İlin yekununda qeyri-neft-qaz mallarının ixracının 4,2 milyard dolları ötəcəyi gözlənilir.
Makroiqtisadi göstəricilər də bu istiqamətdə müəyyən dinamikanı əks etdirir. 2022–2026-cı illərdə ÜDM-in orta illik artımının 2,7 faiz, qeyri-neft-qaz sektorunun artımının isə 5,2 faiz olacağı proqnozlaşdırılır. Cari ilin yanvar-oktyabr aylarında ÜDM 1,7 faiz, qeyri-neft-qaz sektoru isə 2,9 faiz artıb.
Sahələr üzrə göstəricilər iqtisadiyyatın müxtəlif istiqamətlərində fərqli inkişaf templərinin olduğunu ortaya qoyur. 2022–2026-cı illərdə qeyri-neft-qaz sənayesində orta illik artımın 6 faizə yaxın, nəqliyyatda 8 faiz ətrafında, informasiya və rabitədə 13 faizə qədər, turizmdə isə 18 faizdən yüksək olacağı gözlənilir. Bununla yanaşı, kənd təsərrüfatı, ticarət və digər xidmət sahələrində artım templərinin nisbətən aşağı olması həmin istiqamətlərdə məhsuldarlığın, investisiya imkanlarının və istehsal səmərəliliyinin artırılmasının aktuallığını göstərir.
İxrac potensialı və yerli istehsal yeni iqtisadi prioritetlər kimi
Daxili bazarın həcmi nəzərə alınmaqla, Azərbaycanın iqtisadi inkişafında ixracyönümlü istehsalın genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Bu baxımdan metallurgiya, kimya, əczaçılıq, qida emalı, pambıq emalı və toxuculuq sənayesi prioritet sahələr kimi müəyyənləşdirilir. Yerli xammal və resurslara əsaslanan istehsalın inkişafı bir tərəfdən idxaldan asılılığın azaldılmasına, digər tərəfdən isə ölkənin ixrac imkanlarının genişləndirilməsinə xidmət edə bilər.
İqtisadiyyat naziri bu istiqamətdə sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinə də toxunub. Yeni dəstək paketi çərçivəsində Bakı və Abşerondan kənarda sahibkarlıq kreditləri üzrə faizlərin yarısının dövlət tərəfindən subsidiyalaşdırılması, kredit zəmanətinin limitinin 20 faizdən 50 faizə yüksəldilməsi nəzərdə tutulub. Qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən özəl sahibkarlıq subyektlərinə sosial sığorta haqlarını ƏDV depozit hesabındakı vəsait hesabına ödəmək imkanı da yaradılıb.
İxracatçıların nəqliyyat xərclərinin 70 faizədək hissəsinin, mikro, kiçik və orta sahibkarların isə gömrük rəsmiləşdirilməsi xərclərinin müəyyən hissəsinin kompensasiya edilməsi istehsalçıların xarici bazarlara çıxış imkanlarını genişləndirməyə yönəlib. Ələt Azad İqtisadi Zonasının infrastrukturuna 2026-cı ildə 150 milyon manatadək vəsait ayrılması da bu baxımdan əhəmiyyətlidir. Gələn ildən zonada istehsal olunan məhsulların azı 50 faizinin ixrac edilməsi şərti ilə onların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması mexanizminin tətbiqi nəzərdə tutulur.
Özəl investisiyalar iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilir
Çıxışın diqqətçəkən istiqamətlərindən biri dövlətin iqtisadiyyatda rolunun dəyişməsi və özəl sektorun inkişafda daha fəal iştirakının təmin edilməsidir. Dövlət xərclərinin optimallaşdırılması şəraitində gələcək iqtisadi artımın özəl investisiyalara və sahibkarlıq təşəbbüslərinə daha çox söykənəcəyi vurğulanıb. Bu yanaşma dövlətin birbaşa investor rolundan əlverişli biznes mühiti yaradan, özəl kapital üçün imkanları genişləndirən və investisiya risklərinin bölüşdürülməsində iştirak edən tərəfdaş roluna keçidini nəzərdə tutur.
Cari ilin 10 ayında qeyri-neft-qaz sektorunda özəl investisiyaların 18 faizədək artması bu istiqamətdə müşahidə olunan meyillərdən biridir. İnnovasiya, startap və texnologiya parkları üzrə 20 ilədək müddəti əhatə edən vergi güzəştlərinin tətbiqi, strateji investisiya layihələrinin sürətləndirilməsi üçün İşçi qrupun yaradılması, özəl sənaye zonalarının və dövlət-özəl tərəfdaşlığı modellərinin genişləndirilməsi də investisiya mühitinin inkişafına yönəlmiş addımlardır.
İqtisadi artımın yeni mənbələrinin formalaşdırılması baxımından dövlət satınalmalarının yerli istehsala istiqamətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Dövlətin hər il böyük həcmdə mal və xidmət satın alması yerli istehsalçılar üçün davamlı tələbat yaratmaq imkanına malikdir. Xüsusilə əczaçılıq və rəqəmsal həllər sahəsində yerli istehsalın dövlət sifarişləri hesabına dəstəklənməsi həm idxalın əvəzlənməsinə, həm də yeni istehsal imkanlarının yaranmasına şərait yarada bilər. Perspektivdə iri dövlət satınalmalarının müəyyən hissəsinin ölkə daxilində istehsal hesabına təmin edilməsi mexanizminin hazırlanması da bu siyasətin tərkib hissəsidir.
Yeni maliyyələşmə mexanizmləri və uzunmüddətli iqtisadi hədəflər
Nazirin diqqət yetirdiyi məsələlərdən biri də kapitaltutumlu sənaye layihələrinin maliyyələşdirilməsidir. Belə layihələrin reallaşdırılması üçün 10 il və daha uzun müddətə hesablanmış maliyyə resursları tələb olunur. Bu səbəbdən uzunmüddətli maliyyələşmə mexanizmlərinin yaradılması, milli valyutada yığımların təşviqi və nağdsız dövriyyənin genişləndirilməsi iqtisadi siyasətin mühüm istiqamətləri kimi təqdim edilib.
Cari ildə vençur və kraudfandinq maliyyələşdirmə mexanizmləri üzrə qanunvericilik çərçivəsinin formalaşdırılması, kapital və kriptoaktivlər bazarlarının tənzimlənməsi istiqamətində görülən işlər maliyyə sektorunda yeni alətlərin tətbiqinə zəmin yarada bilər. Bu mexanizmlər xüsusilə innovativ ideyaların, startapların və ənənəvi kredit resurslarına çıxışı məhdud olan layihələrin maliyyələşdirilməsi baxımından əhəmiyyətlidir.
Strateji valyuta ehtiyatlarının səmərəli idarə olunması, onların gəlirliliyinin artırılması və müəyyən hissəsinin ölkə iqtisadiyyatının uzunmüddətli maliyyələşdirilməsinə cəlb edilməsi də qarşıdakı dövrün mühüm vəzifələri sırasındadır. Eyni zamanda, fiskal optimallaşdırma şəraitində büdcə vəsaitlərinin, xüsusilə əsaslı xərclərin vaxtında və səmərəli istifadəsi, dövlət investisiya layihələrinin icra müddətlərinə riayət olunması və maliyyə intizamının gücləndirilməsi vacib şərtlər kimi diqqətə çatdırılıb.
2030-cu ilədək iqtisadiyyatın yeni inkişaf mənzərəsi
2027–2030-cu illər üçün makroiqtisadi proqnozlar qlobal iqtisadi qeyri-müəyyənliklər nəzərə alınmaqla konservativ yanaşma əsasında hazırlanıb. Həmin dövrdə orta illik iqtisadi artımın 3,3 faiz, qeyri-neft-qaz sektorunda isə 4,4 faiz olacağı gözlənilir. Qeyri-neft-qaz sənayesində artımın 7 faizdən, informasiya və rabitə sahəsində 11 faizdən, turizmdə isə 8 faizdən yüksək olacağı proqnozlaşdırılır. Daha bir mühüm hədəf qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2025-ci ildəki 71,5 faizdən 2030-cu ildə 82 faizə çatdırılmasıdır.
Xidmətlər ixracının genişləndirilməsi də gələcək inkişaf modelinin mühüm komponentlərindən biri kimi çıxış edir. Nəqliyyat və logistika, maliyyə xidmətləri, turizm, informasiya texnologiyaları, data mərkəzləri və işgüzar xidmətlər bu istiqamətdə geniş imkanlara malik sahələrdir. Beynəlxalq təşkilatlarla birgə aparılan diaqnostik işlər xidmətlər ixracının potensialının müəyyənləşdirilməsinə və bu sahədə yeni imkanların üzə çıxarılmasına xidmət edir.
Bütün bu istiqamətləri birləşdirən əsas məqam iqtisadi artımın mənbələrinin şaxələndirilməsi və daha dayanıqlı modelin formalaşdırılmasıdır. Qarşıdakı illərdə nəticə yalnız istehsal və ixrac göstəricilərinin yüksəlməsi ilə deyil, həm də özəl kapitalın iqtisadiyyatda iştirakının artması, maliyyə resurslarının əlçatanlığı, yerli məhsulların rəqabət qabiliyyəti və dövlət vəsaitlərinin səmərəli istifadəsi ilə ölçüləcək.
Mikayıl Cabbarovun Milli Məclisdəki çıxışında səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın növbəti inkişaf mərhələsində əsas diqqət mövcud iqtisadi imkanların yeni artım mənbələrinə çevrilməsinə yönəlir. Bu mərhələnin əsas çağırışı isə iqtisadi potensialı real istehsal, ixrac, innovasiya və investisiya nəticələri ilə möhkəmləndirməkdir.
Müəllif:
Seymur Əzəmmədov
“Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyinin sədri,
www.economynews.az saytının baş redaktoru