Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı yeni əməkdaşlıq imkanları yaradır

20/11/2026 - 16:37
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı yeni əməkdaşlıq imkanları yaradır

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan müxtəlif regionları birləşdirən etibarlı tərəfdaş, mühüm enerji və nəqliyyat-logistika mərkəzi kimi beynəlxalq nüfuzunu daha da artırıb. Bu siyasətdə Asiya ölkələri, o cümlədən Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnamla münasibətlərin inkişafı xüsusi yer tutur.

Economynews.az xəbər verir ki bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla, siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün əlverişli zəmin yaradıb.

“Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri müxtəlif coğrafi məkanlarda yerləşən dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasıdır. Vyetnamla münasibətlərin inkişafı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin regional və beynəlxalq proseslərdə artan rolu, iqtisadi potensialı və qarşılıqlı maraqları əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə imkan verir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq tranzit marşrutlarında iştirakı Vyetnam üçün Avropa bazarlarına çıxış baxımından əlavə imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı, Şərq–Qərb nəqliyyat əlaqələrinin genişləndirilməsi və logistika infrastrukturunun təkmilləşdirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edə bilər”, - deyə deputat qeyd edib.

Arzu Nağıyev enerji sahəsində əməkdaşlığın da strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri olduğunu bildirib. Komitə sədri, həmçinin siyasi və parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətinə toxunaraq bildirib ki, qarşılıqlı səfərlər, parlamentlərarası dialoq və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq iki ölkə arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır: “Bu əlaqələr regional və qlobal məsələlər üzrə mövqelərin uzlaşdırılması, qarşılıqlı təcrübə mübadiləsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan və Vyetnam arasında humanitar, təhsil və mədəniyyət sahələrində mövcud olan tarixi əlaqələr də strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi ilə yanaşı, turizm və təhsil sahələrində yeni imkanların yaranmasına da şərait yaradır. Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafı üçün geniş potensial mövcuddur. Əsas məqsəd strateji tərəfdaşlıq çərçivəsində əldə olunmuş razılaşmaların konkret layihələrlə zənginləşdirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi və siyasi dialoqun davamlılığının təmin edilməsidir”.

Arzu Nağıyev bildirib ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin Asiya regionunda iqtisadi və diplomatik əlaqələrinin genişlənməsinə də mühüm töhfə verəcək.