Bakıda ərəb dili üzrə beynəlxalq təlim proqramının bağlanış mərasimi olub

Bakıda ərəb dili üzrə beynəlxalq təlim proqramının bağlanış mərasimi olub

24/06/2026 - 05:08
Bakıda ərəb dili üzrə beynəlxalq təlim proqramının bağlanış mərasimi olub
İyunun 22-də Bakıda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO)-nun Bakıdakı Regional Ofisi, Sultan bin Əbdüləziz Al Səud Fondu və Bakı Avrasiya Universitetinin əməkdaşlığı ilə “Sultan bin Əbdüləziz Əl Səud Beynəlxalq Dil Təlimi Proqramı – Mərkəzi Asiya və Qafqazda Ərəb Dili” layihəsinin bağlanış mərasimi keçirilib.
 

Tədbirdə ICESCO-nun Bakıdakı Regional Ofisinin direktoru Əbdülhəkim Fəhad Əl-Sinan, Sultan bin Əbdüləziz Al Səud Fondunun baş direktoru Əbdüləziz Xolaifi, Məcdi bin Hacı İbrahim, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ICESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Fərrux Cumayev çıxış ediblər.

Tədbirin moderatoru Məryəm Qafarzadə olub.

İştirakçılar proqramın nəticələrini və onun regionda təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələri nəzərdən keçiriblər. Həmçinin təşəbbüsün icrasına həsr olunmuş “Ərəb dilinin səyahəti” adlı videoçarxı izləyib, xatirə hədiyyələri bölüşüb və layihənin uğurla başa çatması münasibətilə birgə fotoşəkil çəkdiriblər.

Azərbaycandakı təlim sessiyaları və seminarlar iyunun 17-19-da Bakı Avrasiya Universitetində təşkil olunub. Təlim sessiyaları ərəb dilinin tədrisinə müasir yanaşmaları, innovativ metodologiyaları və rəqəmsal təhsil vasitələrini araşdırmaq üçün müəllim və mütəxəssisləri bir araya gətirib.