2026-cı ilin yanvar-iyun dövründə dövlət borcuna xidmət xərcləri açıqlanıb
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin icra göstəricilərini açıqlayıb.
2026-cı ilin dövlət büdcəsində bu istiqamətdə 2 milyard 457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.
Məlumata əsasən, cari ilin ilk altı ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən ümumilikdə 944,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Ödənişlərin struktur bölgüsü:
Daxili dövlət borcu üzrə: 275,9 milyon manat (tam olaraq faiz borcu üzrə).
Xarici dövlət borcu üzrə: 668,9 milyon manat, o cümlədən:
Əsas borc üzrə: 494,2 milyon manat
Faiz borc üzrə: 174,7 milyon manat
Xarici və daxili dövlət borcunun cari səviyyəsi
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 1 iyul 2026-cı il tarixinə ölkənin xarici dövlət borcunun səviyyəsi 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib. Operativ məlumatlara görə, bu göstərici cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,0 faizinə bərabərdir.
Daxili dövlət borcunun səviyyəsi isə 1 iyul 2026-cı il tarixinə 15 milyard 982,0 milyon manat olub ki, bu da cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edir.