Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
Son günlər Cəlilabad rayonunda canavarların fərdi təsərrüfatlara hücumlarının artması rayon sakinlərini narahat edir. Vəhşi heyvanların hücumu nəticəsində onlarla xırdabuynuzlu heyvan tələf olub.
Məlumata görə, yırtıcılar daha çox rayonun Həzi Aslanov və Rəşad Zeyniyev küçələri ətrafındakı yaşayış məntəqələrində müşahidə olunur. Sonuncu hücum rayon sakini Mahir Quliyevin təsərrüfatında qeydə alınıb. Fermerin sözlərinə görə, canavarlar onun təsərrüfatına daxil olaraq 5 baş xırdabuynuzlu heyvanı parçalayıblar.
Təsərrüfat sahibi bildirib ki, son bir ay ərzində vəhşi heyvanların hücumu nəticəsində ümumilikdə 40-a yaxın xırdabuynuzlu heyvan tələf olub. Hadisələr nəticəsində zərər çəkmiş sakinlərin məruz qaldığı ümumi maddi ziyanın 50 min manata yaxın olduğu bildirilir.
Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev vəziyyətdən xəbərdar olduqlarını qeyd edib. Bələdiyyə sədri hazırda araşdırmaların aparıldığını və dəqiqləşdirmələrin həyata keçirildiyini bildirib:
"Aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır."
Sakinlər vəhşi heyvanların yaşayış massivlərinə qədər gəlməsindən ciddi narahatlıq keçirirlər və aidiyyəti qurumlardan təcili tədbirlər görülməsini gözləyirlər.