Şəhid ailələri və qazilərə bayram sovqatı verilib

Şəhid ailələri və qazilərə bayram sovqatı verilib

28/05/2026 - 07:30
Şəhid ailələri və qazilərə bayram sovqatı verilib


Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress nin sədri Elsevar Mammadovun dəstəyi, Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı nın təşkilatçılığı ilə 50-dən artıq şəhid ailəsinə və qazilərə bayram sovqatları və qurban payları təqdim edildi.

Keçirilən tədbirin əsas məqsədi Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərimizə mənəvi dəstək olmaq, onların hər zaman dövlətimizin və xalqımızın diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirmək idi.

Tədbirin açılışını edən Dayaq təşkilatının sədr müavini Məcid Məmmədov iştirakçıları öz adından və Elsevər Məmmədovun adından salamlayaraq müqəddəs Qurban Bayramı və 28 May – Respublika Günü münasibətilə səmimi təbriklərini çatdırdı. Çıxış zamanı vurğulandı ki, şəhid ailələri və qazilərimiz xalqımızın qürur mənbəyidir və onların sosial rifahı, mənəvi dəstəyi hər birimizin müqəddəs borcudur.

Daha sonra Dayaq təşkilatının sədri Qalib Əliyev şəhid ailələrinə və qazilərimizə xoş sözlərini və təbriklərini çatdırdı.

Tədbirdə iştirak edən şəhid ailələri və qazilər ilə səmimi görüşlər keçirildi, onların qayğı və problemləri dinlənildi, eyni zamanda bayram sevincinin birlik və həmrəylik şəraitində paylaşılması təmin olundu. Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə etdilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bayramlarımız xalqımıza əmin-amanlıq, birlik və bərəkət gətirsin.