Mərkəzi Gömrük Hospitalında ürək transplantasiyası əməliyyatlarının icrasına başlanılacaq
Mərkəzi Gömrük Hospitalında ürək transplantasiyası əməliyyatlarının icrasına başlanılacaq
İyulun 22-də Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası əməliyyatlarını həyata keçirmək hüququnun verilməsi ilə əlaqədar iclas keçirilib.
İclasda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi Elməddin Əliyev, ürək-damar cərrahları Kənan Əsədov və Nurlan Mahmudov, Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin transplantoloqları Mircəlal Kazımi və Kamran Beydullayev iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ilk növbədə iclasda iştirak edən həkimləri Azərbaycan Respublikasının Baş naziri tərəfindən imzalanmış Qərara əsasən hospitala ürək transplantasiyası əməliyyatlarını həyata keçirmək hüququnun verilməsi münasibətilə səmimi-qəlbdən təbrik edib. O bildirib ki, bu mühüm qərar Mərkəzi Gömrük Hospitalının uzun illər ərzində formalaşdırdığı yüksəkixtisaslı tibbi potensialın, müasir infrastrukturunun və peşəkar həkim komandasının dövlət səviyyəsində verilən yüksək qiymətin bariz nümunəsidir. Ürək transplantasiyası kimi mürəkkəb əməliyyatların həyata keçirilməsi hüququnun əldə edilməsi böyük etimad olmaqla yanaşı, həm də hospitalın hər bir tibb işçisinin üzərinə daha böyük məsuliyyət qoyur.