Deputat Rizvan Nəbiyev: "2027-ci ilin dövlət büdcəsi regional və qlobal çağırışlara adekvat cavab verən strateji sənəddir"
Rizvan Nəbiyev, MM deputatı
Hörmətli xanım Sədr! hörmətli cənab Baş nazir,
Hörmətli hökumət üzvləri vəhəmkarlar!
Dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi çərçivəsində konseptual olaraq 3 məsələyə regiondakı yeni geosiyasi reallıqlar, bu proseslərin ölkəmizin təhlükəsizliyinin möhkəmləndirilməsi, xarici siyasət imkanlarının genişləndirilməsi perspektivlərinə diqqət yetirmək istərdim.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra beynəlxalq münasibətlər sistemində yeni siyasi çəki qazanıb, orta güc statusunda dövlətimizin strateji rolu artmaqda davam edir.
Aktual bir misal bunu bir daha aydın təsdiq edir : Avrops Siyasi Birliyinin Dublin zirvə görüşünün mövzuları da göstərdi ki, Avropa öz rəqabət qabiliyyətli gələcəyinin təminini üç sütunda görür və bunun ikisində Azərbaycanla əməkdaşlq prioritet olaraq qalır. Bu sabit və etibarlı bağlantılar və əlverişli enerji təchizatı məsələsindəki tərəfdaşlıqdır.
Belə ki, Dövlətimiz ötən illər ərzində Prezident İlham Əliyevin strateji rəhbərliyi altında təbii sərvətlərimizi iqtisadi, siyasi-diplomatik və hərbi potensiala, bir sözlə milli gücə çevirməyi təmin etdi. Deməli həmçinin büdcə vəsaitləri Azərbaycanın hərtərəfli inkişafına xidmət etmişdir.
Məsələni faktlar əsasında,həm də xarici hərbi və siyasi ekspertlərin araşdırmaları çərçivəsində, Vətən müharibəsindəki Qalibiyyətimizin müxtəlif ölçülərinin təhlili əsasında diqqətinizə çatdırmaq istərdim. 1994-cü il Atəşkəsin elan olunduğu il, 2020-ci il Vətən müharibəsi ilinin və 2027-ci ilin ÜDM göstəricilərini müqayisəli təhlil etmək etdikdə mənzərə daha aydın və tam görsənir.
1994-cü ilin mayında, atəşkəs elan olunan zaman, ərazilərimizin 20% işğal altında olarkən, Azərbaycanın Ümummilli Daxili Məhsulu, təxminən 1,2 milyard dollar idi. Vurğulamaq istərdim, büdcəmiz yox, məhz ÜDM. Bu hətta işğalçı tərəfin ÜDM-dən 100 milyon ABŞ dolları aşağı idi. Hərbi xərclərimiz isə cəmi 43 milyon ABŞ dolları idi.
Həmin vaxt atəşəkəs qərarını vermək və dövlətin təbii sərvətlərini ölkənin ümumi inkişafı üçün səfərbər edilməsi strategiyasını həyata keçirmək üçün Ulu Öndər Heydər Əliyevin dövlətçilik vizionu və idarəçiliyi tələb olunurdu. Beynəlxalq münasibətlər nəzəriyyəsində bunu raison d'État — dövlətin ali maraqlarından irəli gələn strateji qərarvermə məntiqi də adlandırırlar.
2020-ci ildə, sentybarın 27-də Vətən müharibəsi başlayanda isə Azərbaycanın ÜDM-i 42 milyard dolları ötərək Ermənistanın iqtisadi gücündən üç dəfədən çox idi. Azərbaycanın hərbi xərcləri 2.22 milyard ABŞ dolları təşkil edirdi və Ermənistanın müvafiq göstəricisini 3,5 dəfə üstələyirdi.
Bu müqayisə göstərir ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası əsasında ölkəmizin iqtisadi inkişafını hərbi və siyasi üstünlüyə çevirə bilmişdir. Belə ki, 2003-2020-ci illərdə Azərbaycanın enerji gəlirləri səfərbər edilməklə iqtisadi və sosial inkişafı həyata keçirmişdir, ordu quruculuğu və hərbi modernləşmə təmin etmişdir. 2020-ci ildə əldə edilən hərbi nəticənin arxasında təkcə hərbi üstünlük deyil, həm də onları idarə edən milli kadr pontensialı dayanmışdır.
2023-cü ildə suveren nəzaratəmizin bərpasından cəmi 3 il sonra 2027-ci ildə ÜDM 141 milyard manat həcmində proqnozlaşdırılması bu uğurlu siyasətin davamı deməkdir.
Müdafiə və milli təhlükəsizlik xərcləri
Hazırda həm regional, həm də qlobal səviyyədə həm fiziki coğrafi, həm də kiber məkanda ciddi təhlükəzislik çağırışlarının mövcudluğu, təhlükəsizlik tədbirlərinin davam etidirilməsini zəruri edir. Həm də bu səbəblərə görə də 2027-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat vəsait yönəldiləcəkdir.
Bu isə Suverenliyimizin tam bərpa olunduğu 2023-cü illə müqayisədə, 2,9 milyard manat çoxdur. Dövlətimizin müdafiə potensialının artıırlması beynəlxalq münasibətlər sistemində qəbul olunan klassik “çəkindirmə” siyasətidir.
Nəzərə almalıyıq ki, dövlətin təhlükəsizliyi sərhəddən başlayır, 30 ilə yaxın müddət ərzində, cənubda 132 km, qərbdə 700 km artıq sərhədlərimiz işğal altında olmuşdur.
Xarici siyasət və diplomatiya təhlükəsizlik məsələləri ilə necə uzlaşdırılmalıdır?
Azərbaycanın qarşıdakı dövrdə xarici siyasətdə daha fəal olması ölkənin artan iqtisadi, siyasi və hərbi imkanları ilə də uzlaşır. Prezidentimizin vurğuladığı kimi, “(...) bundan sonra da xarici siyasətimizin müdafiəyönümlü yox, həm aktiv, daha çox fəalyönümlü olması lazımdır.”
Azərbaycanın milli maraqların təmininə əsaslanan müstəqil və çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir, strateji manevr imkanlarını genişləndirir. Bu strateji xəttin davamı olaraq Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq qurur, regional və qlobal gündəliyin formalaşmasına töhfə verir. Ölkəmiz hər hansı geosiyasi blokun təsir dairəsinə daxil olmadan, öz strateji prioritetlərini müstəqil şəkildə müəyyənləşdirir və həyata keçirir.
Bu yanaşma Azərbaycanın xarici siyasətində keyfiyyətcə yeni mərhələnin əsas xüsusiyyətlərindən biridir.
2027-2028-ci illərdə planlaşdırılan beynəlxalq tədbirlər də çoxtərəfli diplomatiyada artan Azərbaycanın rolunun göstəriciləridir. Belə ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində sədrliyimiz növbəti 2 il uzadıldı.
2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik edəcəkdir. Gələn il həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının XVI Zirvə görüşünə ev sahibliyi edəcək və İƏT-ə sədrliyi qəbul edəcəkdir. 2028-ci ildə isə ilk dəfə MDB-yə sədrlik nəzərdə tutulur.
Bunlar ona görə mümkün olacaq ki, “Azərbaycan özü təkbaşına işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır.”
2028-ci ilin mayında 47 üzv dövlətin yer aldığı Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin beynəlxalq dialoq platforması kimi rolunu gücləndirəcək.
Beləliklə, Azərbaycan yaxın iki ildə Türk dünyası, Mərkəzi Asiya, İslam dünyası, MDB və Avropa siyasi məkanında çoxtərəfli diplomatiyanın fəal iştirakçısı kimi çıxış edəcək.
2027-ci ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər üzrə fəaliyyətin təmini üçün 569,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır ki, bu da 2026-cı illə müqayisədə 3,6 faiz çoxdur.
Bu xərclərin 230,0 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması xərclərinə yönəldiləcəkdir. Bu 2026-cı illə müqayisədə 15,0 milyon manat və ya 7,0 faiz çoxdur.
25,0 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı ilə bağlı xərclərə, 224,0 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərə, yönəldiləcəkdir.
Strateji tərəfdaşlıqlar - 30 dövlət, G7-Böyük Yeddiliyin 4 üzvü
Azərbaycanın etibarlı tərəfdaş və orta güc kimi artan nüfuzunun göstəricilərindən biri dünyanın aparıcı dövlətləri ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir.
Ümumilikdə 30 dövlətlə strateji tərəfdaşlığın qurulması həm də bu dövlətlərin ölkəmizlə münasibətlərə verdiyi dəyərin göstəricisidr.
Xüsusilə yalnız cari il ərzində Böyük Yeddiliyə daxil olan ABŞ, Almaniya və Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl xarici siyasət strategiyasının mühüm nəticələrindəndir. İtaliya da daxil olmaqla, Azərbaycanın Böyük Yeddiliyin dörd üzvü ilə strateji tərəfdaşlıq münasibətləri qurması Azərbaycanın qlobal siyasi-iqtisadi proseslərdə artan rolunun təsdiqi, Prezident İlham Əliyevin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir.
Müdafiə təhlükəsizlik və müdafiə sənayesi sahələrində yeni siyasi reallıq şəraitində əməkdaşlıq mümkün olacaqdır.
ABŞ, Böyük Britaniya və Almaniya ilə imzalanmış strateji xarakterli sənədlər həmçinin rəqəmsal inkişaf sahələrində də əməkdaşlıq üçün ümumi çərçivəni müəyyən edir.
Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının hədəflədiyi 58 təşəbbüsün reallaşdırılmasına həm də beynəlxalq səviyyədə dəstəyin verilməsi üçün baza deməkdir.
Dünya İqtisadi Forumunun 2025-ci il hesabatına əsasən, 2030-cu ilədək əsas peşə bacarıqlarının 39 faizinin dəyişəcəyi gözlənilir. Eyni zamanda, ISC2-nin 2025-ci il tədqiqatına görə, mütəxəssislərin 95 faizi çalışdıqları təşkilatlarda kibertəhlükəsizlik üzrə bacarıq çatışmazlığının olduğunu bildirib.
Bu göstəricilər əmək bazarının sürətlə dəyişdiyini və yüksək ixtisaslı milli kadrların hazırlanmasının strateji əhəmiyyətini bir daha göstərir.
Hörmətli cənab Baş nazir,
sonda təmsil etdiyim Abşeron rayonu ilə bağlı bir məsələyə də diqqət çəkmək istərdim.
Rəsmi məlumatlara görə, Abşeron rayonunda 400 mindən çox insan yaşayır. Lakin faktiki əhalinin sayı bundan xeyli artıqdır, müxtəlif səbəblərdən. Bu isə kommunal xidmətlərə, təhsil və səhiyyə infrastrukturuna ciddi əlavə yük yaradır.
Xüsusilə rayonun mövcud xəstəxana infrastrukturu artan tələbatı qarşılamaq üçün kifayət etmir. Nəzərə almalıyıq ki, Abşeron həm də paytaxtla ölkəmizin digər bölgələri arasında mühüm nəqliyyat qovşağıdır və burada yerləşən tibb müəssisələrinə yalnız rayon sakinləri deyil, təcili zərurtətlə bağlı digər vətəndaşlar müraciət edirlər.
Bilirəm ki, yeni xəstəxananın tikintisi məsələsi əvvəlki illərdə də aidiyyəti qurumların diqqətində olub. Bununla belə, İqtisadiyyat və Səhiyyə nazirliklərindən xahiş edirəm ki, Xırdalan şəhərində və ya rayonun digər münasib ərazisində yeni xəstəxananın tikintisinin 2027-ci ilin dövlət investisiya proqramına daxil edilməsini prioritet qaydada nəzərdən keçirsinlər.
2027-ci ilin dövlət büdcəsi dövlətimizin qarşısındakı hədəflərin yerinə yetirilməsi, regional və qlobal səviyyədə çağırışlara adekvat cavabın verilməsinin təmini üçün uğurlu strateji sənəddir. Qanun layihəsinin lehinə səsə verəcəyəm.
Diqqətinizə görə təşəkkür edirəm.