Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”

Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”

14/07/2026 - 07:05
Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”

İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini panel sessiyalarla davam etdirir.

Əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.


Sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Şuşa Qlobal Media Forumu sadəcə konfrans deyil, jurnalistlərin, siyasətçilərin, akademik və texnologiya liderlərinin medianın ən vacib dəyərlərindən birini, yəni həqiqəti və faktları qoruyub saxlamaq yolları araşdırmaq üçün platformadır. Çünki hazırda informasiya və dezinformasiya çox sürətlə yayılır. Etimad isə çox vaxt və mütəmadi olaraq geridə qalır. Süni intellekt jurnalistikanı yenidən formalaşdırır.

"Son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirib. Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, daha yüksək etik standartların təşviq edilməsi, media savadlılığının artırılması və bu sahənin sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək üçün nəzərdə tutulub. Media islahatı yalnız qanunvericilikdən ibarət deyil. Bu, dayanıqlı institutların qurulması, jurnalistlərə investisiya qoyulması, dezinformasiyaya qarşı dözümlülüyün artırılması və ictimai etimadın gücləndirilməsi deməkdir”,- deyə Hikmət Hacıyev bildirib.

Daha sonra “AnewZ” televiziya kanalının aparıcısı Nadia Qyanenin moderatorluğu ilə "Media obyektivində sülh quruculuğu və ictimai diskurs" adlı panel müzakirəsi olub.

Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş çıxışında rəqəmsal platformaların fəaliyyətində daha yüksək şəffaflığın təmin olunmasının vacib olduğunu deyib. O bildirib ki, medianın əsas missiyası cəmiyyətə dünyanı peşəkar jurnalist prizmasından təqdim etmək, həqiqəti dəqiqləşdirilmiş və məsuliyyətli şəkildə çatdırmaqdır.

Lətifə Axarbaş, sülhün qorunmasında media tənzimləyici qurumlarının və rəqəmsal platformaların məsuliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib: "Beynəlxalq ictimaiyyət olaraq əsas vəzifəmiz hər bir ölkənin öz tarixi, mədəniyyəti və institutlarına uyğun şəkildə sülhün möhkəmlənməsinə, birgəyaşayış mədəniyyətinin təşviqinə xidmət edən dayanıqlı media və mədəniyyət ekosistemi formalaşdırmasına dəstək verməkdir".

Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov diqqətə çatdırıb ki, dezinformasiya genişmiqyaslı sabitliyi pozan informasiya mühiti yarada bilər. Bu baxımdan, onlayn platformalarla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. O vurğulayıb ki, Qazaxıstanda bu sahə təkcə qanunvericiliklə tənzimlənmir, eyni zamanda, bütün onlayn platformalara süni intellekt vasitəsilə yaradılmış məzmunun mütləq şəkildə işarələnməsi tövsiyə edilir.