Ukrayna Rusiyanın yanacaq infrastrukturuna və gəmi donanmasına ağır zərbələr endirdi
Ukrayna Rusiyanın yanacaq infrastrukturuna və gəmi donanmasına ağır zərbələr endirdi
Ukrayna Silahlı Qüvvələri iyulun 9-na keçən gecə Rusiyanın hərbi və hərbi-iqtisadi potensialını zəiflətmək məqsədilə bir sıra mühüm hədəflərə genişmiqyaslı zərbələr endirib.
Hərbi mənbələrdən verilən məlumata görə, əməliyyat nəticəsində Azov dənizində Rusiyaya məxsus 12 tanker, bir yedək gəmisi və bir quru yük gəmisi məhv edilib.
Sanksiyalardan yayınma və təminat zənciri qırıldı
Ukrayna tərəfi vurulan gəmilərin Rusiya qoşunlarının yanacaq-sürtkü materialları ilə təminatında kritik rol oynadığını bildirib. Eyni zamanda, bu gəmilər beynəlxalq sanksiyalardan yan keçməklə neft və neft məhsullarının daşınmasında, habelə enerji daşıyıcılarının ixracı vasitəsilə müharibənin maliyyələşdirilməsində istifadə olunurdu.
Neft terminalı və sursat anbarı hədəf alındı
Gəmi donanması ilə yanaşı, Rusiyanın enerji və hərbi infrastrukturuna da ciddi ziyan vurulub:
Neft terminalı: Rostov vilayətinin Bataysk şəhərində yerləşən "Yuq Rusi" neft terminalı vurulub. Hücumdan sonra ərazidə güclü yanğın qeydə alınıb. Bu obyekt həm ixrac, həm də cənub istiqamətindəki Rusiya qoşunlarının yanacaq təminatı üçün strateji əhəmiyyət daşıyır.
Sursat anbarı: Luqansk vilayətinin Sorokino rayonu yaxınlığında yerləşən Rusiya qüvvələrinə məxsus sursat anbarı məhv edilib.
Qeyd edək ki, son günlər Ukraynanın Rusiya tankerlərinə qarşı əməliyyatları intensivləşib. Xatırladaq ki, iyulun 7-də 8, ötən gün isə 9 tanker analoji hücumlarla sıradan çıxarılmışdı.