"İran bunları qəbul etsə, faktiki olaraq təslim olması deməkdir"
Politoloq Tofiq Abbasov deyib ki, regionda vəziyyət həqiqətən də çox gərgindir:
“Məncə, bunun əsas səbəbkarı İran deyil, daha çox Amerika Birləşmiş Ştatları və onun müttəfiqi İsraildir. Çünki onlar İrana qarşı elə bir mövqe seçiblər ki, bu, faktiki olaraq reallaşa biləcək yanaşma deyil. Yəni İrandan tələb olunur ki, nüvə proqramından imtina etsin, raket proqramını dayandırsın, rejimini dəyişsin, proksi qüvvələrlə əlaqələrini kəssin və sair. Bu tələblər əvvəlcədən göstərir ki, onlar İran üçün qəbulolunmazdır. İran bunları qəbul etsə, bu, faktiki olaraq təslim olması deməkdir. Məsələn, Ermənistanla qarşıdurma dövründə bizim ərazilər işğal olunmuşdu. Qarşı tərəf çalışırdı ki, dünya ictimaiyyətini inandırsın ki, guya Azərbaycan işğalçıdır. Bizdən də bunu qəbul etməyimiz gözlənilirdi. Amma bu mümkün deyildi. Prezident İlham Əliyev dəfələrlə vurğulayırdı ki, məsələ dinc yolla həll olunmasa, Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə bərpa edəcək. Nəticədə də belə oldu. Bu baxımdan, müəyyən mənada Azərbaycanın mövqeyi ilə İranın mövqeyi arasında oxşarlıq görmək olar. Baxmayaraq ki, bəzi ekspertlər İrana qarşı ittihamlar səsləndirirlər, reallıqda isə İranın özünə qarşı təcavüz faktları olub. Həm ötən ilin iyununda, həm də son hadisələrdə bunu aydın görə bilərik. Belə bir vəziyyətdə İranın geri çəkilməsi və qarşı tərəfin tələblərini qəbul etməsi onun üçün qəbuledilməzdir”.
O bildirib ki, ABŞ isə bu prosesi öz uğuru kimi təqdim etməyə çalışır:
“Guya İranı zəiflədir və ya geri çəkilməyə məcbur edir. Amma reallıq fərqlidir. İran cəmiyyətinin və dövlətinin müqavimət qabiliyyəti, necə ki, biz bunu 44 günlük müharibədə Azərbaycan xalqında gördük, göstərir ki, bu cür təzyiqlər qarşısında geri çəkilmək niyyəti yoxdur. Risklər isə açıq şəkildə artır. ABŞ İsrailin təsiri ilə elə bir prosesə daxil olub ki, artıq ondan geri çəkilməsi də çətinləşib. Digər istiqamətlərdə, məsələn İsrail-Livan xəttində müəyyən gərginliklərin qarşısını almağa çalışsa da, İran istiqamətində eyni nəticəni əldə etməsi çətin görünür. Son hadisələr də bunu göstərir ki, qarşılıqlı hücumlar, dron zərbələri, gəmilərə yönəlmiş əməliyyatlar bunlar artıq “qaydasız qarşıdurma” mühitinin formalaşdığını göstərir. Bu vəziyyətdə riskləri artıran tərəfin İran deyil, daha çox bölgəyə müdaxilə edən ABŞ olduğunu düşünmək olar. Əgər İsrail daha çevik və uzaqgörən siyasət yürüdərsə, ABŞ-dən müəyyən məsafə saxlamağa çalışa bilər. Çünki ABŞ tez-tez özünü hegemon kimi apararaq müxtəlif regionlarda gərginlik yaradır və bundan geosiyasi və iqtisadi fayda əldə etməyə çalışır. Yaxın Şərq, Qərbi Asiya və ətraf regionlar baxımından ABŞ-ın fəallığını müəyyən qədər məhdudlaşdırması daha məqsədəuyğun olardı. Əks halda, daha geniş ərazilərin risk altına düşməsi ehtimalı artır ki, bu da ciddi təhlükələr yaradır. Diplomatik müstəvidə də ABŞ-ın yanaşması daha yüksək səviyyədə qurulmalıdır. İranın danışıqlardan imtinasının səbəbi də məhz qeyri-real tələblərlə üzləşməsidir. Məsələn, Hörmüz körfəzi ilə bağlı ABŞ tərəfindən irəli sürülən birgə idarəetmə və gəlirin bölüşdürülməsi təklifi İran tərəfindən sərt şəkildə rədd olunub. İran tərəfi açıq şəkildə bildirib ki, bu region onların suveren ərazisidir və xarici müdaxilə qəbuledilməzdir. Ümumilikdə isə belə görünür ki, ABŞ-nin müxtəlif ölkələrdə tətbiq etdiyi ssenarilərin, yəni Suriya, İraq, Liviya və digərlərində olduğu kimi İranda təkrarlanması asan olmayacaq. İranın həm daxili dayanıqlığı, həm də hərbi və siyasi potensialı buna imkan verir. İranın geri çəkilməsi ehtimalı aşağıdır və mövcud sistem öz mövqeyini qorumağa çalışacaq.”
Leyla Turan
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər



